Cörək - Vətən
Cörək - Vətən
Əynində << cinsi >> şalvar ,
Belində enli kəmər ,
Saçı çiyinlərində ,
Döşündə enblümlər ,
Firmenli bir Türk ilə
Mən danışdım ərk ilə ;
- Burda çörək tapmısan , bəs səadət , bəs Vətən ?
Çörək səadət deyil , unutdunmu bunu sən ?
Üç il ,
Beş il ,
Nə zaman ,
Dönəcəksən Vətənə ?
- Harda qarnım toxdursa , ora Vətəndir mənə , --
Deyə qəhqəhə çəkdi .
O bu qəhqəhəsilə üzümə şillə çəkdi .
- Bir qarınlıq çörəkçün sən unutdun hər şeyi ,
Sən çörəyə bağladın taleyini , bəxtini ,
Bəs Vətənin taleyi ?
Bəs onu kim düşünsün ?
Vətən düşmənlərinin qanını tökmək üçün ,
Kimin kini , qəzəbi ,
Yanıb gülləyə dönsün ?
Burda çörək tapmısan ,
bəs səadət ,
Bəs Vətən ?
Çörək səadət deyil , unutdunmu bunu sən ?
Səadət --- Vətən demək !
O , Vətənə bağlıdır .
Elin qəlbi dağlısa , sənin qəlbin dağlıdır .
Bəs hər zülmə , cəfaya necə dayanmış baban ?
Ellə gələn yası da , toy - bayram sanmış baban
Elsiz bir səadəti səadət bilməmişlər .
Unutma ,
<< El içində --- öl içində >> -
demişlər .
Vətən - namus ,
Namusu
İtə atsan, it yeməz ,
Yal üçün zingildəyər , namusa zingildəməz .
Sən insansan !
Namusun , el qeyrətin hanı bəs ?
Namusu ələf kimi gövşəmə !....
O , yetilməz !
Bir parçacıq çörəkçün hamıqaçsın Vətəndən ,
Bəs Vətəndə kim olsun ?
Kədərindən qaçdığın ,
Sabahkı sevincinə uzaqdan əl açdığın ,
O su , hava ,
O torpaq
Qoy sənə qənim olsun !
<< Harda qarnım tox isə , ora Vətəndir >> --- dedin .
Sən Vətəni çörəyə necə qurban eylədin ?
Burda çörək qazanıb , özünü də itirdin .
Bığ dalınca gəlirkən , saqqalı müftə verdin .
Qürbətdə çörəyin var ,
ürəyin yoxdur sənin .
Anasız bir uşaqsan ,
Qıvrıl yat ,
Dinmə !
Qəlbin
oyuqdur sənin !
Çörəyin var,
Bəs hanı saçına sığal çəkən ,
Vətənin küləkləri ?
Səni sərməst eyləyən gülləri , çiçəkləri ?
Hanı Vətən havası ?
Hanı ana laylası ?....
Vətən yalnız çörəkmi ?
Bəs bunlar ?
Bunlar hanı ?
Bir parçacıq çörəyə satarlarmı ananı ???
Bəxtiyar Vahabzadə .